Nur-Sultanda 20 Yanvara ithaf olunmuş klassik musiqi gecəsi keçirilib

20.01.2020

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Qanlı Yanvar - müstəqilliyə aparan yol” adlı klassik musiqi gecəsi və fotosərgi təşkil olunub.

Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli dövlət orqanlarının, diplomatik korpusun təmsilçiləri, tanınmış ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bildirib ki, ən yeni tariximizin şərəfli səhifələrindən biri olan 20 Yanvar faciəsi xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliklə nəticələnməsində ciddi dönüş nöqtəsinə çevrildi: "Qanlı Yanvar qırğını Azərbaycanın müstəqilliyinin necə çətinliklə əldə olunduğunu göstərir. 1988-ci ildən erməni separatçılarının başlatdığı təcavüzkarlıq aktlarına etiraz olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə qarşı SSRİ rəhbərliyinin qeyri-qanuni silahlı müdaxiləsi yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması ilə nəticələndi. Bu, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Amma Bakıda kütləvi şəkildə həyata keçirilən bu ağlasığmaz vandallıq aktı insanlarımızı ruhdan salmadı, əksinə, xalqımızı dövlət müstəqilliyinin əldə olunması uğrunda mübarizədə daha da sıx birləşdirdi və gücləndirdi. Həmin hadisələr bir qəhrəmanlıq salnaməsinə çevrildi və müstəqilliyin nə qədər böyük bir dəyər olduğunu heç zaman silinməyəcək şəkildə yaddaşımıza həkk etdi".

Qeyd edilib ki, həmin çətin illərdə məhz ulu öndər Heydər Əliyevin və ziyalılarımızın cəsarətli mövqeləri xalqın əzmkarlığında, haqsızlığa qarşı inamlı duruşunda böyük rol oynayıb.

Səfir deyib ki, klassik musiqi gecəsini və 20 Yanvar hadisələrini əks etdirən foto-sərgini təşkil etməkdə əsas məqsəd böyük qurbanlar bahasına əldə etdiyimiz dövlət müstəqilliyinin əvəzsiz miras olduğuna diqqəti bir daha cəlb etməkdir.

Sonra Azərbaycan Opera və Balet Teatrı orkestrinin pianoçusu, beynəlxalq mükafatlar laureatı Fəqan Həsənlinin ifasında Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Şopen, Şnitke, Skryabin kimi Azərbaycan və dünya bəstəkarlarının seçilmiş əsərləri səsləndirilib.

Analoji tədbirlərin Qazaxıstanın digər böyük şəhərlərində də təşkil olunması nəzərdə tutulub.