Diaspor üzvlərimiz Xarkovdakı festivalda iştirak ediblər

17.01.2020

Ukraynanın Xarkov şəhərində IV "Vertep-fest" ümumrespublika festivalı keçirilib. Şəhər rəhbərliyinin dəstəyi, "Xarkov səninlədir!" xeyriyyə fondunun təşkilatçılığı ilə gerçəkləşən tədbirə ölkənin bütün bölgələrindən 50-dən çox folklor qrupu, özfəaliyyət birliyi qatılıb.

Festivalda ölkəmizi "Aynur xatun" Azərbaycan Qadınları Cəmiyyətinin üzvləri təmsil ediblər. Azərbaycan guşəsində milli geyimlər, musiqi alətləri, mətbəx nümunələri və s. nümayiş etdirilib. Azərbaycan xalq mahnısı "Sarı gəlin"i və milli rəqslərimizi ifa edən soydaşlarımız festivalın mükafatlarına layiq görülüblər.

Qeyd edək ki, iri miqyaslı tədbir olan "Vertep-fest" 2017-ci ildən etibarən Xarkovda keçirilir.