Almaniyada “Odlar Yurdu Orkestri”nin konserti olub

6 Dekabr, 2019

Dekabrın 5-də Almaniyanın Ştutqart şəhərindəki “Alte Reiterhalle” zalında “Odlar Yurdu Orkestri”nin konserti keçirilib.
Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Almaniyadakı səfirliyi, fəxri konsulu və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən təşkil edilib. Konsertdə Almaniyanın Baden-Vürtemberq əyalətinin ictimai-siyasi, mədəni və elmi dairələrinin təmsilçiləri, diplomatik korpusun, KİV-lərin nümayəndələri və diasporumuzun üzvləri iştirak ediblər.
Tədbir öncəsi Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer, Baden Vürtemberq federal əyalətinin Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin dövlət katibi, Landtaqın üzvü Fridlinde Qurr-Hirş (Friedlinde Gurr-Hirsch), Ulm şəhərinin baş meri Qünter Çij (Günther Czisch) və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayev çıxış ediblər.
Natiqlər ölkələrimiz arasındakı münasibətlərin tarixindən, iki yüz il öncə Azərbaycana köç edən almanlardan, onların özlərindən sonra qoyduqları irsdən, Azərbaycan hökumətinin bu irsin qorunub saxlanılması istiqamətində atdığı addımlardan söz açıblar. Azərbaycandakı alman icmasının hələ 1918-ci ildə Xalq Cümhuriyyətinin parlamentində öz deputatı ilə təmsil olunduğu, 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Almaniyanın onu tanıyan ilk ölkələrdən biri olduğu, Qərbi Avropa regionunda Azərbaycanın ilk səfirliyinin məhz Almaniyada açıldığı diqqətə çatdırılıb.
Böyük öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Almaniyaya, Federal kansler Angela Merkelin Azərbaycana səfərlərinin iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına xüsusi töhfələr verdiyi vurğulanıb. Almaniyanın Cənubi Qafqaz regionunda ən vacib iqtisadi tərəfdaşı olan Azərbaycanın Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli roldan, bu yaxınlarda Türkiyənin İpsala bölgəsində açılış mərasimi keçirilmiş TANAP qaz boru kəmərinin buna bariz nümunə olduğundan bəhs edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən siyasi-iqtisadi islahatlardan, müxtəlif sahələrdə əldə olunan nailiyyətlərdən, dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni, təhsil və elm sahələrində qarşılıqlı səmərəli əməkdaşlığın mövcudluğundan, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun uğurlu fəaliyyətindən, mədəniyyətimizin təşviqinə töhfələrindən və həyata keçirilən çoxsaylı layihələrdən danışılıb.
Azərbaycanda alman dilinə böyük marağın olduğu, hər il çoxlu sayda azərbaycanlı gəncin təhsil almaq üçün Almaniyaya gəldiyi, Azərbaycanda DAAD və Höte Mərkəzinin fəaliyyət göstərdiyi, Berlində Azərbaycan səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin təsis edildiyi vurğulanıb.
Konsert “Odlar Yurdu Orkestri”nin ifasında görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamının səsləndirilməsi ilə açılıb. Daha sonra orkestr Üzeyir Hacıbəyov, Qara Qarayev, Səid Rüstəmov, Aqşin Əlizadə, Volfqanq Amadeo Motsart və Ludviq van Bethoven kimi bəstəkarların əsərlərini tamaşaçılara təqdim edib. Musiqi kollektivinin ifası qonaqlar tətəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, “Odlar Yurdu Orkestri” Almaniyada yeni yaradılıb. Onun tərkibinə bu ölkədə çalışan və təhsil alan azərbaycanlı musiqiçilər daxildir. Orkestrin bədii rəhbəri Fəridə Rüstəmovadır.
Bu musiqi kollektivinin fəaliyyətə başlamasını Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondu da dəstəkləyib. Məhz, Dövlət Komitəsində keçirilən brifinq zamanı ölkəmizin Almaniyadakı fəxri konsulu Otto Hauzer kamera orkestrinin yaradılması xəbərini media nümayəndələri ilə bölüşmüşdü.