Daşkənddə Nəsimiyə həsr olunmuş silsilə tədbirlər keçirilib

3 Dekabr, 2019

Daşkənddə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Nəsiminin poeziyası dostluq və məhəbbət simvoludur” adlı konfrans, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində “Mən mülki-cahan, cahan mənəm, mən” adlı gənclər forumu, Foto evində isə "Nəsimi tablolarda və miniatürlərdə” adlı foto-sərgi, Mukimi adına Dövlət Musiqili Teatrında isə ədəbi-bədii kompozisiya və səhnəçiklər təşkil olunub.
Tədbirlərdə ölkənin rəsmi qurumlarının nümayəndələri, elm, mədəniyyət xadimləri, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təmsilçisi, azərbaycanlı icmanın üzvləri, tədris ocağının professor-müəllim heyətləri və tələbələr iştirak ediblər.
Daşkənd Dövlət Pedaqoji Universitetində tədbir öncəsi konfrans iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu ali məktəbin qarşısındakı abidəsini ziyarət edib, önünə əklil qoyub, çiçək dəstələri düzüblər.
Konfransda universitetin rektoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri Şavkat Şaripov, Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsinin bölmə müdiri Bəxtiyar Kərimov, Özbəkistan Gənclər İttifaqının əməkdaşı Mansur Baysarov, DİDK nümayəndəsi Elmira Hacıyeva, RAMMM-ın sədri Firdovsi Hüseynov, tanınmış özbək şairi və tərcüməçisi Tahir Qəhhar, Özbəkistan Yazıçılar İttifaqının üzvü, şair Əli Nəsirli, universitetin müəllimi Dilorom Adilova və başqaları Nəsiminin ölməz poeziyasından, dərin poetik fikirlərlə fəlsəfi baxışlarının vəhdətindən, Şərqin zəngin söz sənətinə misilsiz əsərlər bəxş etdiyindən, humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə Azərbaycan dilini daha da zənginləşdirməsindən danışıblar.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsinə dair Sərəncamına əsasən, bütün dünyada şairin 650 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir, onun əsərlər nəşr edilir. Natiqlər bildiriblər ki, Özbəkistanda Azərbaycan ədəbiyyatına böyük maraq var və Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin əsərləri çox sevilir.
Sonda tələbələr Nəsiminin əsərlərindən nümunələr söyləyiblər.
Həmin gün Daşkənddəki Foto evində "Nəsimi tablolarda və miniatürlərdə” adlı foto-sərgi də təşkil edilib. Sərgidə Azərbaycan rəssamlarının şairə həsr etdikləri 40-a yaxın tablo və miniatürlər, şairə ucaldılmış abidələrin fotoları nümayiş olunub.
Sərginin açılış mərasimində Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsinin əməkdaşı Dilnur Kamilov, rəssam Zeynəb Zeynalova, DİDK nümayəndəsi Elmira Hacıyeva, RAMMM-ın sədri Firdovsi Hüseynov və başqaları çıxış edərək, Nəsiminin bir mükəmməl şəxsiyyət kimi sənət adamlarını həmişə maraqlandırdığını, onun obrazına öz əsərlərində tez-tez müraciət etdiklərini, Bakıda və Şamaxıda şairə heykəllər ucaldıldığını vurğulayaraq, bu cür sərgilərin təşkil olunmasının əhəmiyyətindən danışıblar.
Sonra diaspor fəalları Leyla Qulamova və Kamilə Saruxanova şairin şeirlərini söyləyiblər. Tədbir sərgiyə baxışla yekunlaşıb.
Özbək Dili və Ədəbiyyatı Universitetinin nəzdindəki Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində baş tutan Gənclər Forumunda isə prorektor Abulxay Sabirov, professorlar Nurbay Jabborov, Nasrulla Jumayev, Baxtiyar Menqliyev, dosent Gulbaxor Aşurova, Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsinin bölmə müdiri Dilnur Kərimov, DİDK nümayəndəsi Elmira Hacıyeva, RAMMM-ın sədri Firdovsi Hüseynov, RAMMM-ın fəal üzvü Leyla Şirinova və başqaları çıxış ediblər. Onlar təkcə Azərbaycana deyil, bütün Türk dünyasına məxsus olan Nəsiminin poeziyasından danışmaqla yanaşı, son vaxtlar ölkələrimizin arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdiyini, bu yaxın əlaqələrin qurulmasında gənclərin xüsusi rolunu, Özbəkistanda yaşayan və təhsil alan azərbaycanlı gənclərin Vətənimizi layiqincə təmsil etdiklərini də vurğulayıblar.
Tədbir Nəsiminin şeirlərinin təqdim olunması ilə başa çatıb.
Mukimi adına Musiqili Teatrda keçirilən tədbir zamanı RAMMM sədri Firdovsi Hüseynov, DİDK nümayəndəsi Elmira Hacıyeva çıxış edib. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il Azərbaycanda “İmadəddin Nəsimi ili” elan edildiyindən, respublikamızda və xarici ölkələrdə müxtəlif mədəni tədbirlər keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə İmadəddin Nəsimi ölkəmizdə əsərləri dövlət varidatı elan olunan müəlliflərin siyahısına daxil edilib.
Sonda Musiqili Teatrda Nəsiminin əsərləri əsasında ədəbi-bədii kompozisiya göstərilib. Müğənni Yusif Əliyev şairin əsərlərinə yazdığı mahnıları ifa edib, aktyorlar və tələbələr şeirlər səsləndiriblər. Sonra Nəsiminin əsərləri əsasında tamaşaya qoyulmuş səhnəciklər təqdim olunub.