Riqada "650 illik dəyər"dən danışılıb

2 Dekabr, 2019

Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "650 illik dəyər" adlı ədəbi-bədii gecə keçirilib.

Tədbir Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi, Riqa Klassik Gimnaziyasının müdiri Roman Əliyev və onun xanımı Gunay Əliyevanın təşkilatçılığı ilə gerçəkləşdirilib. Gecədə gimnaziyanın müəllim-tələbə heyəti, diaspor üzvlərimiz, Türkiyənin Latviyadakı səfirliyinin müşaviri Meliha Gülce Kumrulu iştirak ediblər.

Sevinc və Rasim Məmmədovların aparıcılıq etdikləri tədbirin açılış hissəsi Azərbaycan, latış və rus dillərində təqdim olunub. Riqa Klassik Gimnaziyasının tələbə və məzunlarının ifasında latış dilində Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verilib, xalq şairi Qabilin Nəsimiyə həsr etdiyi poemadan səhnələşdirilmiş parçalar təqdim olunub. Samir Əzizovun Nəsimi obrazını məharətlə ifa etməsi, Nəsiminin “Hardasan” qəzəlini Gunay Əliyeva ilə M.Çexov adına Riqa Rus Dram teatrının tanınmış aktyoru Yakov Rafalsonun birgə səsləndirməsi gecəyə xoş ovqat bəxş edib.

Professor Zümrüd Dadaşzadənin qədim adət-ənənələrimizi video və slaydlar vasitəsilə əcnəbi qonaqların nəzərinə çatdırması böyük marağa səbəb olub. Tədbirdə Nəsimi dövrünün məşhur musiqi alətləri nümayiş etdirilib.