“Şah-Dağ” İsrail-Azərbaycan Cəmiyyətinin üzvləri ilə görüş keçirilib

27 Noyabr, 2019

İsrailə səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti “Şah-Dağ” İsrail-Azərbaycan Cəmiyyətinin üzvləri ilə görüşüb.

Görüş zamanı Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycan dövləti İsrail ilə əlaqələrə çox böyük önəm verdiyindən ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər yaranıb, həyata keçirilən regional layihələr yalnız xalqlarımızın rifahının yaxşılaşdırılmasına deyil, bütövlükdə bölgənin inkişafına xidmət edir.

İsraildə yaşayan Azərbaycan icmasının Vətənə bağlılığı, torpaqlarımızın hələ də erməni işğalında olmasından keçirdikləri narahatlıq, bu ölkədə Azərbaycan həqiqətlərinin yayılması istiqamətində görülən və planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Dövlət Komitəsi diaspor təşkilatlarının gücləndirilməsi, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, məskunlaşdıqları ölkələrin vətəndaş cəmiyyətinə daha yaxşı inteqrasiya etməsi, milli mənsubiyyətin, adət-ənənələrin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsi istiqamətində atılan addımları və həyata keçirilən tədbirləri mütəmadi olaraq dəstəkləyir. Bu baxımdan “Şah Dağ” İsrail-Azərbaycan Cəmiyyəti də Dövlət Komitəsi ilə sıx əməkdaşlığa dəvət edilib.

Qeyd edək ki, “Şah-Dağ” təşkilatı 1997-ci ildən İsraildə fəaliyyət göstərir. Təşkilatın sədri Qarabağ müharibəsinin veteranı, jurnalist Elxanan Razieldir. Ötən dövr ərzində təşkilat Azərbaycan həqiqətlərinin media vasitəsilə yayılmasına və siyasi müstəvidə müzakirələrin keçirilməsinə çalışıb.