Daşkənddə azərbaycanlı alimin monoqrafiyası təqdim edilib

22 Noyabr, 2019

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində azərbaycanlı alim Əzizağa Nəcəfzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan tədbirdə Universitetin professor-müəllim heyəti, tələbələr, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, nizamişünas alim Lalə Əlizadə iştirak ediblər.

Pedaqoji Universitetin dosenti Marxabo Sabirova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Lalə Əlizadə, Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov cıxış edərək, 1947-ci ildən Nizami Gəncəvinin adını daşıyan bu təhsil ocağında böyük Azərbaycan şairinin irsi ilə əlaqədar aparılan elmi-tədqiqat işləri və təqdim olunan kitabın əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, kitabda XIX əsrin əvvəllərindən başlayaraq, iki əsr ərzində Azərbaycan nizamişünaslığında şairin yeri və mövqeyi haqqında danışılır, onun yaradıcılığında türklüyə xüsusi rəğbətin elmi əsaslarla sübuta yetirilməsi tarixi-xronoloji ardıcıllıqla təhlil edilir. Özbəkistanın bir sıra universitetlərində, o cümlədən Pedaqoji Universitetdə yaradılmış “Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi”nin uğurla fəaliyyət göstərdiyi vurgulanıb.

Kitabın təqdimat mərasimi Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin nəzdindəki Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində də keçirilib.