Dövlət Komitəsinin nümayəndələri Odessa Rabitə Akademiyasında olub

15 Noyabr, 2019

Odessaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti A.S.Popov adına Milli Rabitə Akademiyasının fəaliyyəti ilə tanış olub.

Akademiyanın rektoru, texnika elmləri doktoru, professor Petro Vorobyenko azərbaycanlı qonaqları salamlayaraq, onları rəhbərlik etdiyi tədris ocağında görməkdən məmnunluq duyduğunu deyib. O, Azərbaycana səfərlər etdiyini, azərbaycanlı alimlərlə sıx əməkdaşlıq və dostluq əlaqələrinin mövcud olduğunu bildirib.

Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev rektora xatirə hədiyyəsi təqdim edərək, onu və kollektivi Ukraynada rəmzi şəkildə qeyd olunan Akademiya Günü münasibətilə təbrik edib.

Qonaqlar Akademiyada fəaliyyət göstərən Azərbaycan Evi ilə tanış olublar. Burada ölkəmiz, xalqımızın Ümummilli lideri Heydər Əliyev, görkəmli elm və mədəniyyət xadimləri haqqında məlumat və şəkillər nümayiş olunur.

Azərbaycanın Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev Rabitə Akademiyasının fəxri doktorları arasındadır.

Hazırda Akademiyada azərbaycanlı alimlər və müəllimlər çalışır, azərbaycanlı tələbələr təhsil alırlar.

Qeyd edək ki, Rabitə Akademiyasında Dövlət Komitəsinin "Vətən uzaqda deyil" proqramının çəkilişləri də aparılıb.

Proqram burada çalışan azərbaycanlı alimlərə həsr olunacaq.