Dövlət Komitəsinin nümayəndələri Odessaya səfər ediblər

14 noyabr 2019

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Ukraynanın Odessa şəhərinə səfər edib.

Nümayəndə heyətinin Odessada ilk görüşü şəhər meriyasında keçirilib. Görüşdə mer müavini Pavel Vuqelman, şəhər şurasının beynəlxalq əməkdaşlıq və marketinq departamentinin direktoru Aleksandra Oleynikova, sözügedən departamentin direktor müavini Oksana Çernova, Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli, şöbə müdiri Ruslan Quliyev, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Ukrayna nümayəndəliyinin rəhbəri Natiq Nağıyev, diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak ediblər.

Pavel Vuqelman azərbaycanlı qonaqları salamlayaraq, onları Odessada görməkdən məmnun olduğunu bildirib. Danışıqlar zamanı Azərbaycan diasporunun şəhərin həyatındakı rolu və əməkdaşlığın gələcək yolları üzrə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Bu zaman əsas mövzularından biri Odessada Azərbaycan parkının salınması olub. Qonaqlara bildirilib ki, parkın salınması üçün ərazi ayrılıb və dizaynı ilə bağlı məsələlər razılaşdırılıb.

Komitə nümayəndələri səmimi qəbul üçün təşəkkür edib. Bildirilib ki, mədəni-məişət obyektinə malik parkın salınması azərbaycanlı icmanın bir araya gəlməsi, mütəşəkkil şəkildə fəaliyyət göstərməsi, milli bayramların, əlamətdar günlərin birgə keçirilməsi baxımından çox əhəmiyyətlidir.

Görüşün sonunda meriyaya xatirə hədiyyəsi və Qarabağ haqqında kitab təqdim edilib.