Haaqada Dövlət Bayrağı Günü qeyd edilib

12 noyabr 2019

Belçika və Niderlandda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təşkilatçılığı və Azərbaycanın Niderland Krallığındakı səfirliyinin dəstəyi ilə "9 Noyabr - Bayraq Günü" adlı tədbir keçirilib. Səfirlikdə keçirilən tədbirdə bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, üzvləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə Belçika və Niderlandda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, Azərbaycanın Niderland Krallığındakı səfirliyinin müvəqqəti işlər vəkili Selcan Verdiyeva, diaspor təşkilatlarının rəhbərləri Elsevər Məmmədov və Sima Cəfərova çıxış ediblər.

Bayrağımızı qürur mənbəyi adlandıran M.Ağamirzəyeva 101 yaşlı üçrəngli dövlət rəmzinin tarixinə ekskurs edib. O, bildirib ki, xaricdə yaşayan hər bir azərbaycanlının evində, ən azı, bir bayraq var. Soydaşlarımız övladlarının milli ruhda tərbiyələnmələri, Vətənlərini sevmələri üçün onlara dövlət atributumuzun daşıdığı rəngləri öyrədir, doğma Azərbaycanımızın haqq səsinin yaşadıqları ölkələrdə duyulması üçün mitinqlərdə və yürüşlərdə bayrağımızı dalğalandırırlar: "Ancaq hamımızın ən böyük arzusu bu gün Cocuq Mərcanlıda yüksələn bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır. Buna inanırıq, çünki Prezident İlham Əliyevin də söylədiyi kimi, “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!”.

Müvəqqəti işlər vəkili Selcan Verdiyeva əlamətdar gün münasibətilə soydaşlarımızı təbrik edərək bildirib ki, 101 il keçməsinə və bu dövrün əhəmiyyətli hissəsinin sovet imperiyasının əsarəti altında olmasına baxmayaraq, bayrağımıza olan xoş münasibətlər, qürur mənbəyi kimi, xalqımız tərəfindən bu gün də yaşadılır. O, çıxışını M.Ə.Rəsulzadənin məşhur “Bir kərə yüksələn bayraq, bir daha enməz!” sözləri ilə bitirib.

Daha sonra çıxış edənlər Dövlət Bayrağı Günü ilə bağlı təbriklər səsləndirib, üçrəngli bayrağımızın tarixindən danışıblar.

Dövlət Bayrağı Gününə həsr olunmuş sənədli filmin nümayiş etdirildiyi tədbir “Odlar Yurdu” Niderland-Azərbaycan təşkilatının sədri Firəngiz Bağırovanın, gənc müğənnilər Sadıx Ağamalıyev və Nicat Cabbarovun təqdim etdikləri konsert proqramı ilə başa çatıb.