Dövlət Komitəsinin nümayəndələri İsraildə görüşlər keçirib

05 noyabr 2019

Cari ilin 26 oktyabr - 2 noyabr tarixlərində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, İsrailin Reut Qrupunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin İsrailə səfəri baş tutub. Sözügedən səfər çərçivəsində nümayəndə heyəti İsrail dövlətinin Yəhudi və İsrail diasporu ilə əlaqələrinin qurulması, eyni zamanda, diaspor fəaliyyəti sahəsində digər dövlətlərlə əməkdaşlıq etməsi, həmçinin Yəhudi və İsrail diasporunun fəaliyyət təcrübəsi kimi sahələrlə yaxından tanış olub.
Səfər çərçivəsində nümayəndə heyəti Təl-Əviv və Yerusəlimdə bir neçə yəhudi diaspor lideri, İsrail universitetləri, beyin mərkəzləri, diaspor fondları və İsrailin Diaspor İşləri üzrə Nazirliyinin nümayəndələri ilə görüşlər keçirib, "Yəhudilik, İsrail və Diaspor" mövzusunda təşkil edilmiş konfransda iştirak edib və Diaspor Muzeyini ziyarət edib. Müvafiq görüşlər zamanı diasporla əlaqədar qarşılıqlı fikir mübadiləsi aparıb, Azərbaycanın diaspor quruculuğu sahəsində həyata keçirdiyi fəaliyyət haqqında geniş məlumat verilib, hər iki ölkə və xalqların diasporları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.