Soydaşlarımız Masis Mailiyanın ABŞ səfərinə sərt etiraz edib

31 oktyabr 2019

Oktyabrın 30-da Azərbaycan icması ABŞ Konqresinin Reybörn binasının qarşısında etiraz aksiyası keçirib.
Buna səbəb, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyanın Vaşinqtona səfər etməsi, ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazandırmaq məqsədi daşıyan tədbir keçirməsi olub. Ermənistanın ABŞ-dakı səfirliyi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin ABŞ-dakı “nümayəndəliyi”, Amerika Erməni Assambleyası, öz büdcəsini Birləşmiş Ştatların erməni icmasının hesabına dolduran Amerika Erməni Milli Komitəsi tərəfindən təşkil edilmiş tədbirə ermənipərəst konqresmenlər dəvət olunub.
Soydaşlarımızın tədbirlə eyni vaxtda təşkil etdikləri etiraz aksiyasında Vaşinqton və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri iştirak ediblər. Aksiya iştirakçıları erməni separatçıları Bako Saakyanın, Serj Sarkisyanın və digərlərinin hərbi cinayətkar olduqlarını təsvir edən plakatlar qaldıraraq, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktları, vassal dövlət olması, müstəqil siyasi kursunun olmaması, Xocalı soyqırımı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi barədə məlumatları yerli sakinlərin və ABŞ Konqresinin üzvlərinin diqqətinə çatdırıblar.
Qondarma rejimin tədbirinin başlanmasından bir neçə dəqiqə öncə erməni lobbi təşkilatının üzvlərindən biri soydaşlarımızın qarşısına çıxaraq qondarma “erməni soyqırımı”ndan danışmaqla təxribat törətməyə cəhd etsə də, polis əməkdaşları bu yolverilməz hərəkətin qarşısını dərhal alıblar.
Qeyd edək ki, separatçıların bu tədbiri Konqresin binalarından birində gerçəkləşdirmək cəhdi onun daha əhəmiyyətli olması demək deyil. ABŞ Konqresinin 435 üzvündən hər biri bu qurumun binasında hər hansı tədbir keçirmək üçün otaq sifariş edə bilər. Ermənilərin bu addımı atmasının əsas səbəbi konqresmenləri şirnikləndirmək məqsədilə kiçik tədbirin əhəmiyyətini şişirtmək və Ermənistanın işğal etdiyi Azərbaycan ərazisindəki qondarma rejimə “legitimlik” qazandırmaq olub.
Son həftə ərzində erməni lobbi təşkilatları konqresmenlərə məktublar göndərərək, onları şirnikləndirmək yolu ilə bu tədbirə dəvət ediblər. Lakin onların səyləri puç olub.
ABŞ Azərbaycanlıları Şəbəkəsi konqresmenləri Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq məqsədilə xüsusi kampaniya keçirib. Ölkənin konqresmenlərinə, senatorlarına, Dövlət Departamentinə və yerli kütləvi informasiya vasitələrinə ünvanlanan məktublarda Ermənistanın Azərbaycana qarşı təcavüzü, bizim ərazilərimizdə yaratdığı qondarma rejimin kriminal və qeyri-legitim olması, bu ölkənin qeyri-müstəqil olduğu, ABŞ-ın milli maraqlarına qarşı fəaliyyəti, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirməməsi barədə ətraflı məlumat verilib.
ABŞ Azərbaycanlıları Şəbəkəsi bütün konqresmenləri və rəsmi şəxsləri qondarma rejimi Vaşinqtonda reklam edən ermənipərəst qüvvələrə və qurumlara məhəl qoymamağa, Azərbaycanın ərazisində mülki əhaliyə qarşı bir neçə qətliam törətmiş hərbi cani dəstəni təmsil edən Masis Mailiyanın dəvətini rədd etməyə və ABŞ-ın milli maraqlarına zidd dövlət siyasəti yürüdən Ermənistanı pisləməyə çağırıb.