Daşkənddəki festivalda ölkəmiz təmsil olunub

29 oktyabr 2019

Özbəkistanın Dünya Dilləri Universitetinin nəzdindəki Akademik Liseydə “Xalqların mətbəxi və adət ənənələri” adlı festival keçirilib.
Səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələrinin qatıldığı tədbirdə müxtəlif ölkələrin tarixinə, mədəniyyətinə və milli mətbəxinə məxsus nümunələr təqdim olunub.
Azərbaycanı festivalda qardaş ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Azərbaycan guşəsində dövlət bayrağı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar, ölkəmizin tarixi, mədəniyyəti və turizm potensialı haqqında kitablar, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinə dair ərsəyə gətirdiyi nəşrlər, Daşkənddə özbək dilində çap olunan çoxsaylı ədəbiyyat nümunələri, rəcm əsərləri, suvenirlər, milli mətbəximizin nümunələri nümayiş etdirilib.
Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova festival iştirakçılarına və qonaqlara ölkəmizin tarixi, Azərbaycan-Özbəkistan arasında dostluq münasibətləri, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması haqqında ətraflı məlumat verib. Qonaqlara milli mətbəximizin ləziz təamları və şirniyyatı təqdim olunub.
Festivalın bədii hissəsində milli rəqslərimizdən ibarət konsert proqramı göstərilib.
Tədbirdə fəal iştirakına görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi diploma layiq görülüb.