Ankarada azərbaycanlı gənclərin bir illik fəaliyyəti müzakirə olunub

28 oktyabr 2019

Türkiyənin paytaxtında Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) ictimai birliyinin hesabat konfransı keçirilib.
TÜRKSOY-un mərkəzi qərargahında gerçəkləşən tədbirdə Türkiyənin millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupun üzvü Yaşar Karadağ, sabiq millət vəkili Sinan Oğan, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Fuad Kərimov, ölkəmizin Türkiyədəki Səfirliyinin birinci katibi Elçin Allahverdiyev, Ankara Sağlıq və Sosial İnkişaf İnstitunun rəhbəri Xatirə Həsənova, Yurtdışı Türklər və Akraba Topluluklar Başkanlığı sədrinin müavini Sait Yusuf və digərləri iştirak ediblər.
Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsilə başlayan tədbirdə AGAH-ın bir illik fəaliyyətini əks etdirən çarx nümayiş olunub.
AGAH-ın sədri Təbriz Raufoğlu, millət vəkili Y.Karadağ, Dövlət Komitəsinin şöbə müdiri F.Kərimov, S.Yusuf və E.Allahverdiyev çıxış edərək, təşkilatın bir il ərzində gördüyü işləri müsbət qiymətləndiriblər.
Daha sonra “Türkiyədə yaşayan azərbaycanlı gənclərə yönəlik Dövlət Siyasəti və onların diaspora fəaliyyətində iştirakı: mövcud vəziyyət və məsləhətlər” mövzusunda ilk panel baş tutub. “Türkiyə Respublikasının gənclər siyasətində azərbaycanlı gənclərin yeri” mövzusuna Dr. Servet Avşar, “Gənclərə yönəlik QHT-lərin iki dövlət arasındakı münasibətlərin inkişafında rolu və azərbaycanlı gənclərin diaspor fəaliyyətinə qatılması” mövzusuna isə Təbriz Arifoğlu moderatorluq ediblər. Tədbirdə S.Yusuf, Y.Karadağ, A.Çalışkan, S.Oğan, E.Allahverdiyev, X.Həsənova və F.Kərimovun çıxışları dinlənilib, fikir mübadiləsi aparılıb və auditoriyanın sualları cavablandırılıb.
Tədbir bədii hissə ilə başa çatıb.