Azərbaycanlı musiqiçi "Prima Academy" konsert mərkəzində çıxış edib

24 oktyabr 2019

Toronto şəhərinin "Prima Academy" konsert mərkəzində tanınmış skripka ifaçısı Rüfət Əmirəliyevin "Discoveries" adlı klassik musiqi gecəsi keçirilib. Gecədə dahi alman bəstəkarları İ.S.Baxın və F.Mendelsonun əsərləri səslənib.
Konsert digər istedadlı həmvətənimiz, pianoçu Töhfə Abdullayeva üçün debüt olub. O, yerli tamaşaçılar qarşısında ilk dəfə Rüfət Əmirəliyevi fortepianoda müşayiət edib.
R.Əmirəliyevin növbəti konserti noyabrın 15-də sözügedən mərkəzdə keçiriləcək. Feliks Mendelsonun əsərlərinin ifa olunacağı tədbir görkəmli alman bəstəkarının 210 illik yubileyinə həsr ediləcək.
Qeyd edək ki, 1995-ci ildən Kanadada yaşayan azərbaycanlı müsiqiçi buradakı Kral Musiqi Konservatoriyasının (The Royal Conservatory of Music) məzunudur. O, professional skripka ifaçısı kimi yerli əhali arasında klassik konsertləri ilə məşhurdur.
Təqdirəlayiqdir ki, bu illər ərzində R.Əmirəliyev uzaq Kanadada yalnız müsiqi fəaliyyəti ilə məşğul olmayıb. O, Azərbaycan diasporunun formalaşmasında fəallığı ilə seçilib və 1997-2007-ci illər arasında "Kanada-Azərbaycan Alyansı"nın rəhbəri olub.