Mahaçqalada Azərbaycanın Dövlət Müstəqilliyi Günü təntənəli şəkildə qeyd edilib

21 oktyabr 2019

Mahaçqala şəhərində Azərbaycanlılarının milli-mədəni Muxtariyyatının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib. Tədbir öncəsi görkəmli dövlət xadimi Əziz Əliyevin bu şəhərdəki abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
“Dostluq evi”ndə davam edən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsini qurumun nümayəndələri Tural Səfərov və Aydın Mahmudov təmsil ediblər. Dağıstanın milli məsələlər nazirinin müavinləri Arsen Mahmudov və Harun Davudov, Dövlət Komitəsinin sektor müdiri Tural Səfərov, Dağıstan Azərbaycanlıları Təşkilatının sədri Rakif Əzizov, "Dostluq" ictimai şurasının sədri Badruddin İbrahimov, Dağıstan müftiliyinin nümayəndəsi Abakar Xaluqov və Mahaçqala iyerarxiyasının nümayəndəsi İeroman İoann çıxış ediblər. Onlar Dövlət Müstəqilliyinin tarixindən, xalqımızın Ümummilli lideri Heydər Əliyevin sayəsində Azərbaycanın öz müstəqilliyini və suverenliyini qoruyub saxlamasından, Prezident İlham Əliyevin apardığı dostluq və qonşuluq siyasəti nəticəsində Azərbaycanın Dağıstanda, eləcə də Rusiya Federasiyasında yaşayan xalqlarla səmimi və qırılmaz əlaqələr qurmasından danışaraq, bayram münasibətilə soydaşlarımızı təbrik ediblər.
Mahaçqaladakı Azərbaycan icmasının həyatında fəal iştirakına və həmyerlilərimizin yerli cəmiyyətə inteqrasiyasında göstərdiyi xidmətlərə görə Rakif Əzizova Diasporla İş üzrə Dovlət Komitəsinin Fəxri Fərmanı, iki ölkənin xalqları arasında dostluq əlaqələri yaratdıqlarına görə isə Dağıstanın rəsmi nümayəndələrinə Komitə adından müxtəlif hədiyyələr təqdim edilib.
Tədbir yerli incəsənət xadimlərinin və Dərbənddəki Azərbaycan Dram Teatrının kollektivinin hazırladığı konsert proqramı ilə başa çatıb.