Nyu-Yorkdakı Azərbaycan teatrı “Dirijor” tamaşasını səhnələşdirməyə hazırlaşır

18 oktyabr 2019

Yeni teatr mövsümünün açılması münasibətilə Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan Teatrinin kollektivinin bu şəhərdə yaşayan icmamızın üzvləri ilə görüşü keçirilib. Tədbir Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Görüş zamanı bildirilib ki, hazirda Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlilovun qələmə aldığı “Dirijor” musiqili komediyasının səhnəyə qoyulması üçün hazırlıq işləri gedir. Komediyanın 2020-ci ilin payızında şəhər sakinlərinə təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, Nyu-Yorkda ilk Azərbaycan teatrı 2011-ci ildə yaradılıb. Azərbaycan-Nyu-York Assosiasiyasının nəzdində fəaliyyət göstərən teatr T.Cəlilovun təşəbbüsü ilə yaradılıb. Teatra azərbaycanlı icmanın üzvlərindən ibarət həvəskar aktyor heyəti cəlb olunub. Həmin il dekabrın 4-də Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası təqdim olunub. Əsəri rejissor, Azərbaycanın xalq artisti Firudin Məhərrəmov səhnələşdirib. Teatrın yaradılmasında məqsəd gələcəkdə Azərbaycan dramaturgiyasını ingilis dilində Amerika ictimaiyyətinə təqdim etmək, zəngin mədəniyyətimizi ABŞ-da və digər ölkələrdə təbliğ etməkdir.