Azərbaycanlı bəstəkarın Almaniya uğuru

17 oktyabr 2019

Almaniyanın Detmold şəhərindəki “Sommertheater” konsert zalında azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın “Henrix və Leyla” («Heinrich und Leyla») adlı müəllif konserti keçirilib. Tədbir Azərbaycan Diasporuna Dəstək Fondu və Şimali Reyn-Vestfaliya Regionunun Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə təşkil edilib.

Almaniya Federativ Respublikasının 70, almanların Azərbaycana ilk köçünün 200 (1819-2019) illiyinə həsr olunan 12 hissəli "Henrix və Leyla" simfonik əsəri “Bridge of sound” kamera orkestrinin ifasında səsləndirilib. Konsert öncəsi çıxış edən X.Zeynalova keçən əsrin əvvəllərində almanların Azərbaycana köç etməsi və Azərbaycanın zəngin mədəniyyəti barədə tamaşaçılara ətraflı məlumat verib.

Azərbaycan yazıçısı Əmir Pəhlivanın eyniadlı əsərinin motivləri əsasında bəstələnən kompozisiya alman Henrixlə azərbaycanlı Leylanın saf məhəbbətindən bəhs edir. Hadisələr 1942-ci ildə almanların yaşadığı Şəmkir rayonunda (Annenfeld) baş verir. Bəstəkar sevgililərin duyğu və hisslərini sərhəd, din və milliyyət tanımayan musiqi vasitəsilə çatdırmağa çalışıb.

Qeyd edək ki, Bakı Musiqi Akademiyasının məzunu olan Xədicə Zeynalova hazırda Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosentidir. Onun əsərləri Almaniya, İsveçrə, Avstriya, Azərbaycan, Böyük Britaniya, İtaliya, Kanada, Türkiyə, Oman, Fransa, Gürcüstan, Kipr, Macarıstan, ABŞ və digər ölkələrdə səsləndirilib.