Azərbaycanlı uşaqlar Vaşinqtondakı Beynəlxalq Uşaq Festivalında çıxış ediblər

15 oktyabr 2019

Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında ölkəmiz təmsil olunub. Ronald Reyqan adına Beynəlxaq Ticarət Mərkəzində keçirilən festival “Culturfied” Fondunun təşkilati dəstəyi ilə baş tutub.

Tədbiri giriş sözü ilə “Culturfied” Fondunun prezidenti Mele Melton açıb. O, bildirib ki, festivalın əsas məqsədi müxtəlif ölkələrin coğrafiyasının, zəngin mədəni irsinin və adət-ənənələrinin öyrənilməsindən ibarətdir. Açılış mərasimində çıxış edən fəxri qonaqlar Vaşinqtonun müxtəlif mədəniyyətləri özündə birləşdirən, onlara hörmət bəslənilməsini təşviq edən bir şəhər olmasından qürur duyduqlarını vurğulayıblar.

30-dan çox ölkənin təmsil olunduğu, 6 minə yaxın iştirakçının qatıldığı festivalda milli musiqi, rəqs, incəsənət və mətbəx nümunələri təqdim olunub.

Ölkəmizin adından çıxış etmək missiyası Azərbaycan Məktəbi şagirdlərinin üzərinə düşüb. Onlar “Cücələrim”, “Eynur” və “Popuri” rəqslərini ifa ediblər, festivalın “Fashion Show” hissəsində isə milli geyimlərimizi sərgiləyiblər. İstər milli rəqslərimiz, istərsə də geyimlərimiz böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində yaradılan Azərbaycan guşəsində ölkəmizin tarixini, coğrafiyasını, mədəniyyətini, incəsənətini və mətbəxini əks etdirən nümunələr nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevralında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə Azərbaycan dili və tarixi dərsləri keçirilir, milli dəyərlərimiz aşılanır və milli bayramlarımız birlikdə qeyd edilir.