Dövlət Komitəsində Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş olub

18 Sentyabr, 2019

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Şkufs ilə görüşüb.

Görüşdə Belçika Krallığındakı Azərbaycan diasporu, ölkəmizdəki icmaların fəaliyyəti barədə danışılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

DİDK-nın son illər gördüyü işlər, aparılan diaspor siyasəti haqqında məlumat verən Komitə sədri deyib ki, xaricdə yaşayan və təhsil alan soydaşlarımızın milli köklərinə bağlılığı, yaşadığı cəmiyyətlərə inteqrasiya olunmaları üçün yeni və effektiv layihələr həyata keçirilir.

Komitə sədri bildirib ki, hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın genişlənməsi orada yaşayan soydaşlarımız və Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti üçün olduqca vacibdir.

Səfir Bert Şkufs öz ölkəsinin diaspor siyasətindən danışıb, həm Azərbaycan diaspor təşkilatlarının, həm də buradakı icmanın səmərəli fəaliyyəti üçün gələcək əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüşdə müzakirələrin mütəmadi keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.