Qarabağ qaziləri Varşavadakı yarışlara qatılıblar

09 Sentyabr, 2019

Sentyabrın 7-8-də Qarabağ qazilərindən ibarət Azərbaycan Amputant Futbol komandası Varşavada keçirilən "Amputa Futbol-2019" yarışlarında iştirak edib.

"Varşava Azərbaycanlıları Birliyi"nin (VAB) təşkilatçılığı ilə Polşanın paytaxtında yaşayan həmvətənlərimiz oyunun keçirildiyi stadionda komandamıza azarkeşlik ediblər. Dünyanın 44 telekanalı vasitəsi ilə canlı yayımlanan futbol oyunu zamanı "VAB" idarə heyətinin üzvləri Rəsul Məmmədov, Fizzə Haqverdizadə, Məhərrəm Qarayev, habelə təşkilatın fəal üzvləri Abdulla Zülfüqarlı, Xəzər Əzimov və digərləri komandamızı coşqu ilə dəstəkləyiblər.

Yarışdan sonra komandanın prezidenti Rövşən Quliyev keçirilən oyunların nəticələrindən, habelə soydaşlarımızın futbolçularımıza göstərdikləri dəstəkdən razı qaldığını bildirib.

Komandanın vitse-prezidenti Elmar Hüseyn qeyd edib ki, qarşıda onları Yunanıstan və Hindistan turnirləri gözləyir. Həmin yarışlar zamanı eyni dəstəyi orada yaşayan azərbaycanlılardan da görmək istəyirlər.

VAB sədri Rəsul Məmmədov deyib ki, qazi idmançılarımıza dəstək göstərmək xaricdə yaşayan hər bir soydaşımızın borcudur: "Qazilərimizə dəstək olmalıyıq, gənc nəslin onlarla qürur duyduğunu daim hiss etdirməli və əlimizdən gəldiyi qədər Qarabağ həqiqətlərini yaşadığımız ölkələrdə təbliğ etməliyik. Ümid edirəm ki, növbəti yarışlarda daha çox soydaşımız bizə qoşulacaq".