İsveç Azərbaycanlıları Konqresinin birlik toplantısı olub

05 Sentyabr, 2019

İsveç Krallığının Höteborq şəhərində İsveç Azərbaycanlıları Konqresinin (İAK) İdarə Heyətinin birlik toplantısı keçirilib. Məqsəd – ölkənin ikinci ən böyük şəhəri olan Höteborqda fəaliyyət göstərən diaspor təşkilatları ilə Konqresin əlaqələrinin yaradılması və Konqresə yeni üzvlərin seçilməsi olub.

Azərbaycanın Dövlət himni ilə öz işinə başlayan tədbirdə İAK-in, diaspor təşkilatlarının təmsilçiləri, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndəsi Zaur Salmanov, ölkəmizin İsveçdəki Səfirliyinin nümayəndəsi Vaqif Seyidbəyov iştirak ediblər.

Toplantıda Höteborq şəhərindəki bir sıra təşkilatların – Qafqaz Dərnəyi, Mədəniyyət Mərkəzi Dərnəyi, “Tumurcuq” Dərnəyi, Azərbaycan Kültür və İdman Dərnəyi, Vagen Az (Dalğa Azərbaycan) Dərnəyi, Viktoriya Kültür və İncəsənət Qadınlar Dərnəyi, Azərbaycan Futzal klubu və Vahid Azərbaycan Dərnəyinin rəhbərləri öz fəaliyyətləri haqqında məlumat veriblər. İAK-ın nizamnaməsinə dəyişikliklər müzakirə olunduqdan sonra sənədin imzalanması üçün konqresə daxil olmaq istəyən təşkilatların elekton ünvanlarına göndərilməsi barədə qərar qəbul olunub.

Dövlət Komitəsinin sədri Fuad Muradovun toplantı iştirakçılarına salamlarını çatdıran Z.Salmanov son zamanlar sözügedən qurumda həyata keçirilən yeniliklər barəsində ətraflı məlumat verib. Ölkəmizin milli-mədəni irsinin Avropada təbliği və diaspor sahəsindəki səmərəli fəaliyyətinə görə “Tumurcuq” Azərbaycan-İsveç Dram teatrının kollektivinə DİDK adından Fəxri diplom verilib, milli rəqs paltarları, eləcə də mədəniyyətimizi, tariximizi təbliğ edən kitablar hədiyyə edilib.

Tədbir çərçivəsində İAK-in idarə heyətinin üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Ziyadlı tərəfindən “Ziyadoğlu-Qacarlar (Ziyadxanovlar)” kitabı toplantı iştirakçılarına təqdim olunub.