Komitə sədri müsabiqə qalibləri ilə görüşüb

04 Sentyabr, 2019

Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun Karyera Mərkəzində “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak ediblər.

Müsabiqədə qalib gələn gəncləri təbrik edən komitə sədri bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yaradılmış Gənclər Fondunun məqsədi gənclərin hərtərəfli inkişafına nail olmaqdır. Çünki yalnız savadlı, bilikli və zəngin dünya görüşünə malik gənclər Vətənimizin daha da güclənməsi və inkişaf etməsi yolunda öz töhfələrini verə bilərlər.

F.Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin keçdiyi yol, azərbaycanlıların məskunlaşdırları coğrafiya barədə ətraflı məlumat verərək qeyd edib ki, 102 ölkədə Azərbaycan diasporu mövcuddur. Bir çox ölkələrdə Azərbaycan evləri, “Qarabağ” adlı məktəblər fəaliyyət göstərir. Komitə sədri buna nümunə olaraq Heydər Əliyev Fondunun dəstəyilə Fransanın Nant şəhərində, İsveçrənin Bern şəhərində yaradılmış “Qarabağ” məktəblərini göstərib.
Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanma məsələlərinə xüsusi diqqət yetirdiyi vurğulanıb: “Ermənistanın daxili və xarici siyasətinin Azərbaycana qarşı yönəldiyi bir zamanda mütəşəkkillik və həmrəylik göstərmək olduqca mühümdür”.

O, gənclərin hər hansı problemlə üzləşdikləri zaman xaricdəki diaspor təşkilatlarına müraciət edə biləcəyini söyləyib və müsabiqə qaliblərinin təhsil alacaqları xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları barədə məlumat verib.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin infoqrafik və hesabat xarakterli video-çarxları təqdim olunub, gəncləri maraqlandıran suallara aydınlıq gətirilib.