Ölkəmizdə yəhudi icmalarının tarixi araşdırılıb

26 Avqust, 2019

Müstəqil tədqiqatçı Arye Devid Şarnberq (Arieh David Scharnberg) Azərbaycanda yəhudi icmalarının tarixini araşdırıb.

Onun aprelin sonunda ölkəmizə səfəri Diarna Geo-Muzeyinin təşkilatçılığı, Amerika Sefardlar Federasiyasının (American Sephardi Federation) və bu qurumla yaxından əməkdaşlıq edən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

Azərbaycanın zəngin mədəni müxtəlifliyi ilə yaxından tanış olan Şarnberq bildirib ki, dörd aylıq tədqiqat missiyasını uğurla başa vurub. Bu müddət ərzində tədqiqatçı yəhudi tarixinin və irsinin xeyli maraqlı hekayəsini sənədləşdirib və aşkara çıxarıb. Onların bəziləri beynəlxalq aləmə məlum deyil və ilk dəfə ingilis dilində dərc olunacaq. Bu isə Azərbaycan tarixini dünya auditoriyası üçün daha əlçatan edəcək.

Yüksək dağlarda məskunlaşmış yəhudilərin qədim hekayəti tədqiqatçıda xüsusi maraq oyadıb. O, ucqar kənd sakinlərinin köməyi ilə qədim yəhudi məzarlığını ziyarət edib. Şarnberqin fikrincə, bu məzarların tarixi 1000 ildən öncəyə gedib çıxır və Azərbaycanın rəngarəng mədəni xəritəsində yer almış digər müxtəlif qruplarla yanaşı yaşayan indiki yəhudi icmalarının yüksək dağlıq ərazilərdə keçdiyi maraqlı və çətin yolu göstərir.

Bundan başqa, Azərbaycanın cənub rayonlarında, o cümlədən Lənkəranda yəhudi icmalarının maraqlı 200 illik tarixi var. İndi onların sakinləri qocalıb azalsalar da, sağ qalanları Azərbaycanın məşhur qonaqpərvərliyini xüsusi səxavətlə nümayiş etdirirlər.

Azərbaycanın bütün ərazisində, o cümlədən Quba və Oğuzda yaşamağa davam edən əsas yəhudi icmaları tarix, dil, mədəniyyət, həmçinin bu torpaqlarda yüz illər ərzində mövcud olmuş yəhudi xalqının sülh və əməkdaşlıq salnaməsi haqqında dərin təsəvvür yaradır. Şarnberqi Azərbaycanda araşdırma aparmağa sövq edən ilk səbəb isə Fətəli xanın Quba bölgəsində yaşayan yəhudi xalqının təhlükəsizliyini və qorunmasını təklif etməsi olub.

Şarnberq və Amerika Sefardlar Federasiyası bu araşdırmanın aparılması üçün göstərilən əhəmiyyətli dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.