Yazıçımız israilli oxucuları ilə görüşüb

21 Avqust, 2019

İsrailin Tel-Əviv və Afula şəhərlərində tanınmış Azərbaycan yazıçısı Çingiz Abdullayevlə görüşlər keçirilib.

Onun bu ölkəyə səfəri İsrail-Azərbaycan (AZİZ) Beynəlxalq Assosiasiyasının və STMEGİ Beynəlxalq Dağ Yəhudiləri Xeyriyyə Fondunun dəvətilə baş tutub.

Afuladakı Azərbaycan Mədəniyyət Mərkəzində və Təl-Əvivdəki Rus Mədəniyyət Mərkəzində təşkil olunmuş görüşlərdə İsrailin müxtəlif şəhərlərindən gələn oxucular iştirak ediblər. Yazıçı yaradıcılığı ilə bağlı çıxışından sonra oxucuların çoxsaylı suallarını cavablandırıb.

Tədbir iştirakçıları psixoloji və siyasi detektiv janrında yazan sevimli yazıçıları ilə görüşü əlamətdar hadisə adlandıraraq, ona minnətdarlıqlarını ifadə ediblər. Görüş iştirakçılarının hər birinə Çingiz Abdullayevin imzaladığı “Kuba Kapriççio” romanının audioversiyası hədiyyə edilib. Bu versiya “Şolumi” mərkəzi tərəfindən hazırlanıb.

Daha sonra yazıçı İsrailin KAN REKA dövlət radiosunun “Noçnaya smena” verilişinə qatılıb. O, canlı efirdə jurnalist Alyona Brennerin qonağı olub.