Diaspor Gənclərinin II Yay Düşərgəsinin iştirakçısı Süni Zəka Günündə

22 iyul 2019

İyulun 20-də Bakıda TechCentrum sosial platforması Süni Zəka Günü təşkil edib.

Tədbirdə Günay Kazimzadə “Süni İntellekt və Azərbaycan üçün imkanlar”, Şəhriyar Rzayev, Ayaz Səmədli, Eltun Ibrahimov, Eldar Qurbanov “Özünü idarə edən avtomobillər – Gələcək buradadır”, Kamil Ələsgərov “Süni İntellekt Modelləri”, Kamran Ağayev “Hadoop Ekosisteminə Giriş”, Elman Kərimli “Süni İntellekt və Biotibbi Mühəndislik”, Azər Bayramov “Azərbaycanın İnnovasiya Strategiyaları” mövzuları üzrə çıxış ediblər.

Bu interdisiplinar konfrans intellektin gələcəyi, imkanları, vasitələri, həmçinin təhsil və iş imkanlarını müzakirə etmək üçün sənaye, ictimaiyyət, özəl sektor, tədqiqat və təhsil sahələrinin mütəxəssislərini bir araya gətirmək və bu sahənin top ekspertləri ilə azərbaycanlı gəncləri görüşdürmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, TechCentrum platforması Almaniyanın Berlin Texniki Universitetinin Süni İntellekt üzrə doktorantı, eyni zamanda Alman İnternet İnstitutunun tədqiqatçısı Günay Kazımzadənin təşəbbüsi ilə yaradılıb. G.Kazımzadə TEDx-də Süni İntellekt mövzusunda çıxış edən, Google şirkətinin təqaüdünü qazanan ilk azərbaycanlıdır. O, Diasporla İş üzrə Dövlət Komitəsinin iyulun 8-dən 14-dək Şamaxıda təşkil etdiyi “Nəsimi-650” II Yay Düşərgəsinin iştirakçısı olub.

TechCentrum inkişafda olan Texnologiyaları sahəsində təhsil, karyera və inkişaf imkanlarının mübadiləsi məqsədilə yaradılmış platformadır. Əsas məqsədi – bu sahədə fəaliyyət göstərən tələbələrə, universiteti yeni bitirmiş kiçik professionallara, karyerasında dönüş etmək istəyənlərə, uşaqlara/yeniyetmələrə, müəllimlərə və startaplara faydalı ola biləcək mühit yaratmaq, onların inkişafına təkan verəcək imkanlar yaratmaqdır.

Yarandığı gündən 6 ay ərzində 4000-dən çox müraciət, 500-dən çox iştirakçı qəbul edən, 10-a yaxın vökşop (workshop), seminar, mitap (meetup), vebinar (webinar) təşkil edən platforma Azərbaycanda və xaricdə yaşayan və Süni İntellekt, Big Data, Data Science, İOT, Blockchain kimi sahələrdə ixtisaslaşan top ekspertləri Azərbaycan gəncləri ilə görüşdürüb.