Diaspor könüllüsü Sloveniyada keçirilən yay məktəbində ölkəmizi təmsil edib

17 iyul 2019

“Azərbaycan Diaspor Könüllüləri” Proqramının iştirakçısı Ənvər Yaqubov Avropa Hüquq Tələbə Assosiasiyası (ELSA) və ELSA Lyublyana tərəfindən təşkil olunan “Biznes Hüququnun növbəti on ildə qarşılaşacağı çətinliklər” mövzusunda yay məktəbində iştirak edib. Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilən və bir həftə davam edən yay məktəbini uğurla başa vuran Ə.Yaqubov sertifikatla təltif olunub.

Diaspor könüllüsü, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən tövsiyə edilən, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərə, Azərbaycan tarixinə, milli-mədəni irsimizə aid kitabları məktəb iştirakçılarına hədiyyə edib.

Qeyd edək ki, Diasporla İş üzə Dövlət Komitəsi, bu ilin may ayından etibarən, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərinə əsaslanaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı yeni proqrama başlayıb. ADA Universitetinin Beynəlxalq və İctimai Münasibətlər Fakultəsinin hüquq ixtisası üzrə 2-ci kurs tələbəsi Ə.Yaqubov da “Azərbaycan Diaspor Könüllüləri” Proqramının fəal iştirakçılarından biridir.