Batumidə soydaşlarımızın problemləri müzakirə edilib

10 iyul 2019

Gürcüstanın Batumi şəhərində “Dostluq Evi” İctimai Birliyinin rəhbəri Medeya Mikeladzenin Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Anar Rəsulovla görüşü keçirilib.

Iyulun 5-dən 7-dək gerçəkləşən səfər çərçivəsində baş tutan görüş zamanı M.Mikeladze “Dostluq Evi”nin fəaliyyətindən danışaraq, ölkənin Acarıstan regionunda fəaliyyət göstərən 9 milli azlığa aid təşkilatın rəhbərlərinin ofislərinin “Dostluq Evi”ndə yerləşdiyini söyləyib. Batumi şəhər meriyasının milli azlıqlara məxsus təşkilatlara maliyyə dəstəyi göstərdiyi vurğulanıb.

Dövlət Komitəsinin fəaliyyəti və ölkəmizin diaspor siyasəti barədə ətraflı məlumat verən şöbə müdiri səmimi atmosfer şəraitində keçən qəbula görə M.Mikeladzeyə təşəkkürünü bildirərək, təmsil etdiyi qurumun adından onu Azərbaycana səfərə dəvət edib.

Daha sonra komitə nümayəndəsi Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunun əməkdaşları ilə birlikdə Batumi şəhərində yaşayan azərbaycanlı icmanın üzvləri ilə görüşüb. Dövlət Komitəsinin nümayəndəsi Gürcüstanda yaşayan soydaşlarımızın problemləri ilə bağlı Dövlət Komitəsinin gördüyü işlər və həyata keçirdiyi layihələr barədə məlumat verib. Görüş zamanı Acarıstanda yaşayan azərbaycanlıların problemləri müzakirə edilib.