Ukraynada festivalın təşkilatçılığı soydaşlarımıza həvalə olunub

24 iyun 2019

Avqustun 24-də Kiyevdə Müstəqillik Günü münasibətilə keçiriləcək festivalın təşkilatçılığı Ukraynadakı Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinə həvalə edilib.

Mərkəzin bununla bağlı təqdim etdiyi layihə müsabiqədə qalib gəlib. Qeyd edək ki, ötən il də bu tədbiri mərkəz təşkil etmişdi.

30-dan artıq xalqın nümayəndələrinin qatılacağı festivalda Azərbaycan mədəniyyəti mahnı, rəqs və filmlərlə təmsil olunacaq.

Mərkəz, eyni zamanda, qarşıdakı aylarda ölkədəki gürcü icması, eləcə də Türkiyə, Ukrayna və Azərbaycanla iki müştərək beynəlxalq layihəni gerçəkləşdirməyə hazırlaşır.