Stokholmda “Tumurcuq” teatrının tamaşasının ilk təqdimatı olub

03 İyun 2019

İyunun 2-də İsveçin Stokholm şəhərində “Tumurcuq” teatrının “101 uşağın nəvələri” tamaşasının təqdimatı keçirilib. Əsər Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunub.

Tədbiri açan Türk dram teatrının bədii rəhbəri və rejissoru Burcu Ada Soysop bildirib ki, ilk addımlarından azərbaycanlı dostlarının yanında olmasından qürur duyur. O, teatrın bədii rəhbəri və rejissoru Sevinc Nəzərli başda olmaqla, bütün kollektivi təbrik edərək, bu uzun və çətin yolda onlara uğurlar arzulayıb.

S.Nəzərlinin ssenarisi əsasında tamaşaya qoyulan əsərdə Cümhuriyyət dönəmində 100 azərbaycanlı gəncin xarici ölkələrdə təhsil almağa göndəriməsindən bəhs edilib. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi şərəfinə rəmzi olaraq gənclərin sayı 101 olaraq göstərilib. Həmin gənclərdən biri Azərbaycanın ucqar kəndlərindən birində yaşayan sadə ailənin oğludur. O, məsələni valideynlərinə anladanda, öncə etirazla üzləşir, lakin sonra ata-ana onun xaricə təhsil almağa göndərilməsilə razılaşır.

Tamaşanın ikinci hissəsində hadisələr müasir zamanda xaricdə təhsil alıb gəlmiş gənclərin ətrafında cərəyan edir.

İzləyicilər, o cümlədən İsveçin bir çox şəhərlərindən gələn azərbaycanlılar tamaşanı böyük maraq və coşqulu alqışlarla qarşılayıblar.

Isveçin Malmö şəhərindən gənc artistləri dəstəkləmək üçün gələn VAD birliyinin sədri və teatrşünas Ayə xanım Coşğun hədiyyələri ilə balaca “tumurcuq”çuları sevindirib. O, bildirib ki, tamaşadan çox təsirlənib və balaca aktyor və aktrisalarımızın belə mükəmməl oyununa görə sevincdən göz yaşlarını saxlaya bilməyib.
“Son 17 ildə Azərbaycan teatr səhnələrindən uzaq qalmışdım. Balacalarımızın oyununu izlərkən çox böyük zövq aldım. Uşaqların performansı inanılmaz idi, olduqca təbii və səhvsiz oynadılar. Fəxr etdim ki, İsveçdə belə bir teatrın əsasını qoydunuz və mükəmməl iş sərgilədiniz”, - deyə A.Coşğun qeyd edib.

“Tumurcuq” teatrına dəstək verən təşkilatlardan biri də İsveç
Azərbaycanlıları Konqresi olub. Konqresin sədri Emil Mirzəyev qeyd edib ki, Vətənimizin şanlı səhifəsindən biri olan Cümhuriyyət dövrünə müraciət etməklə “Tumurcuq” öz yaradıcılığında bir ilkə imza atıb. O, Məhəmməd Əli Nəzərli, Xəyal Seyidov, Günel Brodin və Nigar Məsimlinin ilk dəfə olaraq aktyor və aktrisa kimi özlərini sınadıqlarına və onların üçünün İsveçdə doğulub böyüdüklərinə baxmayaraq, doğma dilimizdə mükəmməl danışdıqlarına diqqəti cəlb edib.

Konqres sədri Azərbaycan teatr dərnəyinə göstərdiyi xüsusi diqqət və qayğıya görə Burcu xanıma dərin təşəkkürünü bildirib. O, qeyd edib ki, hər an “iki dövlət bir millət” devizinə sadiq qalaraq böyük məmnuniyyətlə türk diasporu ilə gələcəkdə də əməkdaşlığa hazırdırlar. Konqres sədri “tumurçuq”çuları təbrik edərək, onları hədiyyələrlə sevindirib.

Teatr adından çıxış edən S.Nəzərli bildirib ki, əldə etdikləri bu uğur onlara stimul verir: “Məqsədimiz İsveçdə Azərbaycan mədəniyyətini yaşatmaq və təbliğ etməkdir. Sadə vətəndaş və peşəkar bir rejissor kimi bu missiyanı yerini yetirmək üçün əlimdən gələni edəcəyəm”.