Soydaşlarımız Beynəlxalq Qida Festivalında ölkəmizi təmsil ediblər

03 İyun 2019

İyunun 2-də Salonikidə 22-ci Beynəlxalq Qida Festivalı ("Food for Good") keçirilib. Festivalda "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti də iştirak edib.

Festivalın Azərbaycan guşəsində milli mətbəximizin ən gözəl təamları olan plov, dolma, qutab, paxlava və sair, eləcə də Azərbaycan çayı və şərabı təqdim edilib. Məqsəd – Azərbaycan mətbəxi və ənənələrini beynəlxalq festivallarda tanıtmaq və milli dəyərlərimizi təbliğ etməkdir.

Ənənəvi olaraq hər il keçirilən qida festivalında 40-dan çox ölkənin mətbəxi təmsil olunur. Bura minlərlə ziyarətçi axını olur.

Qeyd edək ki, festivaldan toplanmış vəsait ianə olaraq Filirodakı uşaq evinə verilib.