Gürcüstandakı İnteqrasiya Mərkəzində uşaq günü qeyd olunub

03 İyun 2019

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə mərkəzin məktəbəqədər hazırlıq kürsunda təhsil alan uşaqlar və onların valideynləri iştirak ediblər.

GAİM-in icraçı direktoru Aygül İsayeva uşaqları və valideynləri bayram münasibətilə təbrik edib və bildirib ki, ölkənin gələcəyi sağlam düşüncəli gənclərin əlində olmalıdır: “Uşaqları müdafiə etmək hər birimizin borcudur. Bu gün bizim mərkəzdə böyüklər üçün bir sıra kurslar təşkil olunub. Amma biz balacaları da unutmadıq. Onlar üçün də mərkəzimizdə şərait yaratdıq. Çünki uşaqların düzgün istiqamətdə böyüməsi üçün onların təlim-tərbiyəsi ilə körpə yaşlarından məşğul olmaq lazımdır”.

Məktəbəqədər hazırlıq kursunun müəllimi Afaq Qasımova təbriklərə qoşularaq bildirib ki, çox qısa müddət keçməsinə rəğmən, onlar bir ailəyə çevriliblər.

Bayram şənliyində balacalar şeir söyləyib, mahnılar ifa ediblər.