Nyu Yorkda “Odlar Yurdu” konserti alqışlarla qarşılanıb

02 İyun 2019

Geniş tamaşaçı auditoriyasının toplandığı konsertdə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinın rəhbəri Yaşar Əliyev, Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşları, Amerikanın Virciniya, Boston, Meyn, Florida ştatlarında və Nyu Yorkda yaşayan Azərbaycan icmasının rəhbərləri və üzvləri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın və Amerika Birləşmiş Ştatlarının dövlət himnləri səsləndirilib . Sonra ölkəmizi tərənnüm edən video-çarx nümayiş etdirilib.

Azərbaycanın Əməkdar artisti Nərgiz Əlyarova musiqi mədəniyyətimiz haqqında tamaşaçılara məlumat verdikdən sonra səhnəyə amerikalı ifaçı Cefri Verboku dəvət edib. O, Azərbaycan milli musiqi alətləri olan tar və kamançada muğamlardan parçalar ifa edib.

Konsertdə bəstəkarlar Cövdət Hacıyev, Tofiq Quliyev, Əzizə Mustafazadə, Pyotr Çaykovski, Sergey Raxmaninov, Aleksandr Skryabin və Ernesto Lecuonanın əsərlərini Səmra Əmiraslan, Nərgiz Əliyar, Kamilla Məmmədova (piano), Dilarə Ünsal Özkan (vokal) ifa ediblər.