Xaricdə yaşayan soydaşlarımızın birliyi daha bir uğuru rəsmiləşdirdi

01 İyun 2019

Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin imzaladığı sərəncama əsasən, Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanı - Surqut aeroportu məşhur azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq.

Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş F.Salmanovun adının əbədiləşdirilməsi soydaşlarımızın birliyinin bariz nümunəsidir. Belə ki, “Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsində soydaşlarımızın fəal və kütləvi iştirakı uğurla nəticələndi. 5 milyondan çox insanın iştirak etdiyi səsvermənin nəticələri 2018-ci il dekabr ayının əvvəllərində elan edilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi səsvermənin bütün mərhələlərində soydaşlarımızla əlaqəli şəkildə çalışaraq, onları səsvermə prosesində aktiv iştiraka səsləyib. Xüsusilə, Rusiyada yaşayan soydaşlarımızın, Rusiyadakı Azərbaycan diasporunun fəallığı ilə, nəhayət, uğurlu nəticə ortadadır.

Dövlət Komitəsi olaraq, həmyerlimiz Fərman Salmanovun adının əbədiləşdirilməsindən qürur duyur və bu münasibətlə soydaşlarımızı təbrik edirik.

Qeyd edək ki, 28 iyul 1928-ci ildə Şəmkir rayonunda anadan olmuş Fərman Salmanov xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adına, Lenin və Qırmızı Əmək Bayrağı ordenlərinə, Rusiya Federasiyasının Əməkdar geoloqu və digər fəxri adlara layiq görülüb. O, Surqut şəhərinin və ABŞ-ın Texas ştatının fəxri vətəndaşı idi.