Misirlilərə Respublika Günündən danışılıb

30 may 2019

Misirdəki “Vətənpərvər” – Azərbaycanın Diaspor Təşkilatları Birliyinin mərkəzində 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Misirdə yaşayan soydaşlarımız, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, burada təhsil alan tələbələrimiz, yerli və xarici tələbələr iştirak ediblər.

Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov 1918-ci il mayın 28-də xalqımızın müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaratdığını bildirib. Azərbaycan Xalq Cümhüriyyətinin tarixindən söhbət açan diaspor sədri deyib ki, o dönəmdə dövlət müstəqilliyimizin qorunması naminə xalqımız Vətənimizin bütün bölgələrində işğalçılara qarşı qəhrəmanlıqla və igidliklə müqavimət göstərib. O, xalqımızın igid övladlarının adlarına dəfələrlə ərəb mənbələrində və arxivlərdə rast gəldiyini vurğulayıb.

Birlik sədrinin müavini Ceyhun Xəlilov bu cür tədbirlərin əhəmiyyətindən danışaraq, gənclərimizi ictimai-siyasi həyatda və sosial şəbəkələrdə daha fəal olmağa çağırıb.

Tədbirin sonunda iştirakçılara iftar süfrəsi təşkil olunub.