Özbəkistanda Nəsimiyə xüsusi buraxılış həsr olunacaq

30 may 2019

Özbəkistanın “Ədəbiyyat” qəzeti dahi Azərbaycan şairi Imadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş xüsusi buraxılış dərc edəcək.

“Ədəbiyyat” qəzetinin baş redaktoru Baxtiyor Karimlə görüşü zamanı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu təklifi irəli sürüb.

O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib və mərkəz görkəmli şairə həsr olunacaq xüsusi buraxılışın ərsəyə gəlməsi üçün təşkilati dəstəyi göstərməyə hazırdır.

Özbəkistanda Azərbaycan ədəbiyyatına daim böyük maraq olduğunu bildirən S.Abbasov “Ədəbiyyat” qəzetinin gələcək saylarında şairlərimizin əsərlərinin, habelə ədəbiyyat nümayəndələrinə dair çoxsaylı materialların və məqalələrin dərc olunmasının önəmli olduğunu vurğulayıb.

S.Abbasov Azərbaycanda nəşr edilən “Ədəbiyyat qəzeti” haqqında məlumat verib, ölkədə ədəbi mühitin yetişməsində, formalaşmasında, habelə gənc istedadların yaradıcılığının dəstəklənməsində bu qəzetin əhəmiyyətini qeyd edib. O, gələcəkdə hər iki ölkənin eyni adlı nəşrləri arasında əlaqələrin yaradılması, əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqəti cəlb edib.

“Ədəbiyyat” qəzetinin baş redaktoru Baxtiyor Karim növbəti saylarında Azərbaycan ədəbiyyatına yer ayrılacağını bildirib və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti nəticəsində Özbəkistanda böyük tərcüməçilər məktəbinin formalaşdığını, qardaş ölkənin ədəbiyyatına marağın daha da artdığını, Mərkəzin layihəsi əsasında çoxsaylı kitabların işıq üzü gördüyünü bildirib. O, gələcəkdə bu mərkəzlə sıx əməkdaşlıq etmək arzusunu dilə gətirib.

Tərəflər yaxın günlərdə əməkdaşlığa dair Memorandumun hazırlanması barədə razılıq əldə ediblər.