İstanbulda “Azərbaycan Cümhuriyyət Kuboku” futbol çempionatı keçirilib

30 may 2019

28 May - Respublika Gününə həsr olunmuş “Azərbaycan Cümhuriyyət Kuboku” futbol çempionatında 8 komanda iştirak edib. Gənc Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə keçirilən yarışda İstanbulda təhsil alan və yaşayan azərbaycanlılar qatılıblar.

Kubok uğrunda mübarizə iki həftə davam edib. Çempionatın qalibi finalda rəqibi üzərində 5-1 hesabı ilə qələbə qazanan "Simurq" komandası olub.

Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyev qaliblərin mükafatlandırılma mərasimində soydaşlarımızı 28 May ̶ Respublika günü münasibətilə təbrik edib. O, Dövlət Müstəqillliyimizin qorunub saxlanması, dünya çapında səsimizin duyulması üçün gənclərin daim öz üzərlərində çalışmalarının, təhsilə, elmə, incəsənətə, idmana maraq göstərmələrinin vacib olduğunu vurğulayıb.

S.Quliyev qeyd edib ki, Azərbaycan dövlətinin gənclərə və idmana göstərdiyi diqqət və qayğı belə layihənin həyata keçirilməsinə səbəb olub. O, bildirib ki, “Azərbaycan Cümhuriyyət Kuboku” ənənəvi hal alacaq və rəhbərlik etdiyi dərnək hər zaman Türkiyədə yaşayan azərbaycanlılara dəstək olacaq.