Çikaqoda Vətənimizin şərəfinə “Azərbaycanın Milli Günü” elan edildi və dövlət bayraqımız ucaldıldı

29 may 2019

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində 28 may tarixi “Azərbaycan Milli Günü elan edilib.

İllinoys ştatının qubernatoru Cey Robert Pritsker (Jay Robert Pritzker) bu tarixi hadisə ilə bağlı bəyannamə imzalayıb. Qubernator qeyd edib ki, Dövlət Müstəqilliyinin bərpasından keçən son 27 il ərzində Azərbaycan Xəzəryanı bölgədə ABŞ-ın güclü müttəfiqinə və strateji tərəfdaşına çevrilib.

Mayın 28-də isə Çikaqo şəhər meriyasının qarşısında ilk dəfə olaraq Azərbaycanın Dövlət Bayrağının rəsmi şəkildə təntənəli qaldırılma mərasimi keçirilib.

Mərasim zamanı Amerika Azərbaycan Orta-Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov və Azərbaycan icmasının nümayəndələri ölkəmizin müstəqillik tarixi haqda ətraflı danışaraq, üçrəngli bayrağımızın 101 illik tarixi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyi barədə məlumat veriblər. Bu bilgilər açıqcalar şəklində şəhər sakinlərinə də təqdim olunub.

Daha sonra ABŞ və Azərbaycanın dövlət himnləri səsləndirilib. Himnimizin sədaları altında Dövlət bayrağımız təntənəli şəkildə yüksəklərə qaldırılıb. Tədbir Azərbaycan icmasının nümayəndələri və şəhər sakinlərinin ucalarda dalğalanan bayrağımızın önündə xatirə şəkli çəkdirməsilə başa çatıb.