Hallandeyl Biç də 28 mayı "Azərbaycanın Respublika Günü" elan etdi

24 may 2019

Mayın 22-də ABŞ-ın Florida ştatının Hallandeyl Biç (Hallandale Beach) şəhərində 28 may tarixi "Azərbaycanın Respublika Günü" elan edilib.

Bununla bağlı şəhər meri Coy Adams xüsusi bəyannamə imzalayıb. "İnkişaf, İnnovasiya, İmkanlar" başlıqlı bəyannamədə deyilir ki, Amerika Azərbaycanlıları bizim regional müxtəlifliyimizə, mədəniyyətlərarası anlaşma, sülh və rifahımıza verdiyi töhfələri ilə Florida Cəmiyyətində güclü bir mövqeyə sahibdirlər. Floridanın Amerika-Azərbaycanlıları Mədəniyyət Assosiasiyası 26 oktyabr 2006-cı ildə bu cəmiyyətə dəstək məqsədilə yaradılmışdır.
Sənəddə qeyd olunub ki, dünyada 46 milyondan çox azərbaycanlı vardır və son yüz ildə onlar 28 May tarixini Azərbaycanın Respublika Günü olaraq sələflərinin töhfəsi kimi xatırlamaqdadırlar. Azərbaycan Cümhuriyyəti seçki hüququ verən ilk dövlətlərdən biri idi və Amerika Birləşmiş Ştatları da daxil olmaqla digər demokratik dövlətlər tərəfindən də tanınmışdı.

Coy Adams vurğulayıb ki, 28 May təkcə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ildönümü kimi qeyd edilmir, həmçinin Amerika Birləşmiş Ştatları və Azərbaycan Respubikası arasındakı bağları daha da möhkəmləndirmək imkanı verir. Azərbaycan ABŞ-ın müttəfiqi və strateji partnyorudur. Bu münasibət qurucuların rəhbərlik prinsiplərinə olan inancı davam etdirir, digərlərinə də bəşəriyyətin və demokratiyanın ümumi dəyərlərini öyrədir.

Sonda Şəhər İcması adından mer Coy Adams 2019-cu il 28 may tarixini “Azərbaycanın Respublika Günü” elan edib.