Misirin dövlət televiziyasında Azərbaycandan danışılıb

23 may 2019

“Vətənpərvər” Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Fədaiyyəəl-Misriyyə” dövlət televiziya kanalının "Diplomatik səhifələr" proqramının qonağı olub.

Proqramda Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açan diaspor rəhbəri qeyd edib ki, VII əsrdə ərəblərin Azərbaycana ilk gəlişi zamanı Misir və Şam qəbilələri Azərbaycana köçüb.

Tədqiqatçı “Koroğlu” dastanında “Misri qılınc” ifadəsinin işlədildiyi, ölkəmizdə çoxsaylı “Ərəb” adlı kəndlərin və doğma dilimizdə altı mindən çox ərəb mənşəli sözlərin mövcudluğu, bizim ərazimizdə orta əsrlərə aid “Misir sikkələri”nin tapıldığı və sair faktları sadalayaraq, bunu xalqlarımız arasında qədimdən bəri möhkəm əlaqələrinin olduğu kimi dəyərləndirib. S.Nəsirovun Azərbaycan vətəndaşlarına “Misir” adının verilməsi faktını vurğulaması isə proqram aparıcısında böyük maraq doğurub.

Xalqımızın xalçaçılıq və muğam sənətinə verdiyi önəmdən söhbət açan diaspor sədri xatırladıb ki, Misirin ən böyük muğam ustalarından olmuş Seyyid Nəqşibəndinin babası Azərbaycandan bu ölkəyə köçüb.

Proqramda Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub.

Qeyd edək ki, S.Nəsirov Qahirə Universitetində Azərbaycan dilini tədris edir və mindən çox xarici tələbəyə rəhbərlik edir. O, 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır.