Praqa ictimaiyyətinə Qarabağdan danışılıb

19 may 2019

Mayın 15-də Praqada "Qadınların müharibədən sonra cəmiyyətə inteqrasiyası" mövzusunda forum keçirilib.

Çexiya sosial-demokrat partiyasının üzvü, siyasi şərhçi Zamiq Məmmədlinin təşkil etdiyi tədbirdə Azərbaycandan və Çexiyadan olan ekspertlər, yerli media nümayəndələri iştirak ediblər. Məqsəd ̶ Çexiyanın vətəndaş cəmiyyətinə Qarabağ müharibəsinin səbəbləri haqqında obyektiv məlumatın verilməsi, Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin mülki əhaliyə neqativ təsirlərinin müzakirə edilməsi olub.

Tədbirdə media eksperti Rövşən Əliyev, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova, hərbi psixoloq Azad İsazadə və siyasi şərhçi Zamiq Məmmədli çıxış ediblər. Natiqlər yüzillik diaspor ənənəsinə malik olan erməni lobbisinin Azərbaycana qarşı xaricdə apardığı uzunmüddətli neqativ təbliğatlar vasitəsilə münaqişənin həllinə əngəllər yaratmasından, böyük dövlətlərin mahiyyətcə oxşar münaqişələrə ikili standartlar prizmasından yanaşmasından, QHT-lərin qadın və uşaqlarla aparılan işlərindən, psixoloji reabilitasiya prosesindən, problemin həllini necə gördüklərindən danışıblar və suallara cavab veriblər.

Bakının 194 saylı məktəbin 5-ci və 6-ci sinif şagirdlərinin çəkdiyi "Qarabağı necə görürəm" adlı rəsm sərgisi də iştirakçıların böyük marağına səbəb olub.