İstanbulda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

12 may 2019

Mayın 12-də İstanbulun Grand Hyatt otelində Tüm Dünya Eğitim, Kültür, Sanat, Sağlık Araştırma ve Dayanışma Dərnəyi (TEKSAD) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevə həsr olunmuş fotosərgi ilə başlayıb, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın və Türkiyənin himnləri səsləndirildikdən sonra, tədbiri TEKSAD-ın başkanı Samir Xəlilov açıb. O, Azərbaycan və Türkiyənin dostluq münasibətlərinin inkişafı üçün əvəzsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin həyat yolundan danışıb. Tədbirdə Heydər Əliyevin həyatından bəhs edən sənədli film nümayiş etdirilib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş Katibi Asəf Hacıyev, Türkiyə Böyük Millət Məclisinin Millət Vəkili Şamil Ayrım, İstanbul-Azərbaycan Dayanışma və Kültür Dərnəyi (İSTAD) Başkanı Səfər Qaraqoyunlu, araşdırmaçı yazar, UNESCO-nun Uluslararası Plastik Sanatlar Dərnəyinin (UPSD) üzvü rəssam Əkbər Yaşılyurt, İstanbul-Azərbaycan Dostluq dərnəyinin Başkanı Dr. Xuraman Ağasoy, jurnalist, yazıçı Dr. Mais Əlizadə çıxış edərək Heydər Əliyevin həyat yolundan, dahi şəxsiyyətin Azərbaycan və Türk Dünyası üçün gördüyü işlərdən danışıblar.

Sonda iştirakçilar ailə fotosu çəkdirib və tədbir ziyafətlə davam edib.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.