“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsində Aprel qaziləri ilə görüş olub

Aprel döyüşlərinin qəhrəmanları baş gizirlər Elşən Əzimov, Əhliyyət Mehdiyev və kapitan Hikmət Məmmədov diaspor gəncləri ilə görüşdülər. Onlar Aprel döyüşlərinin miqyası, Lələtəpə yüksəkliyinin azad olunması, ordumuzun gücü barədə gənclərə məlumat veriblər. Qeyd olunub ki, Aprel döyüşləri zamanı erməni hərbi birləşmələri qısa vaxtda darmadağın edilib, Azərbaycan bayrağı işğal olunmuş torpaqlarımızda yenidən dalğalanmağa başlayib. Qazilər döyüş yoldaşları, şəhid qəhrəmanlar barədə də gənclərə məlumat verib, maraqlı xatirələr danışıblar. Onlar tez-tez şəhid ailələri ilə görüşdüklərini də qeyd ediblər. Böyük ruh yüksəkliyi nümayiş etdirən xaricdə yaşayan diaspor gəncləri Aprel qazilərinə müharibə, sülh, dövlətlərarası danışıqlar, Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyətin münasibəti barədə suallar veriblər.
Gənclər Mübariz İbrahimov kimi qəhrəmanlarımızı, şəhid övladlarımızı xatırlayaraq xalqımızın müharibədə göstərdiyi rəşadətlər barədə söz açıblar. Diaspor gəncləri özlərini rəmzi olaraq “Diaspor qaziləri” adlandıraraq qeyd ediblər ki, Vətən yolunda hər zaman mübarizəyə və döyüşməyə hazırdırlar.
Xaricdə azərbaycanlıların görəcəyi işlər, qəhrəmanlarımızın tanıdılması imkanları barədə fikir mübadiləsi aparılıb. Diaspor gəncləri bildiriblər ki, bəzən xarici telekanallar Azərbaycan həqiqətlərini təhrif edərək dünya ictimaiyyətinə çatdırır və biz bunun qarşısını almaq üçün əlimizdən gələni edir, etirazımızı bildiririk.
Qazilərimizin döyüşlər zamanı keçirdiyi hisslər, vətən yolunda şücaətləri haqqında danışılarkən gənclər göz yaşlarını boğa bilməyib və bu hisslər alqışlarla müşaiyət olunub.
Qazilər və görüşün digər iştirakçıları Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin ordumuza göstərdiyi qayğını yüksək qiymətləndiriblər. Daha sonra Azərbaycan ordusu ilə bərabər Türkiyə ordusunun da gücü ilə bağlı suallar və münasibət səsləndirilib.
Qazilər Azərbaycan ordusunun hərbi və psixoloji üstünlükləri barədə suallara cavab verərkən bildirdilər ki, torpaqlarımızı müharibə yolu ilə azad etməyə, şəhidlərimizin qanını yerdə qoymamağa daim hazırıq. Diaspor gəncləri qeyd ediblər ki, yaşadıqları məmləkətlərdə öz ölkələrinin bayraqlarını dalğalandırmaq qadağası olsa da onlar Aprel döyüşləri zamanı üçrəngli bayrağımızı eyvanlarında dalğalandırmaqdan çəkinmədilər. Bununla da öz dəstəklərini nümayiş etdiriblər.
Azərbaycan diasporunu təmsil edən gənc soydaşlarımız belə bir fikri də dilə gətiriblər ki, bu cür görüşlər onların ruhunu təzələyir, Azərbaycan adına daha sıx birləşməyə sövq edir. Görüşün sonunda düşərgə iştirakçıları ilə qazilər xatirə şəkli çəkdirdilər.