Şuşa ̶ itirilmiş cənnət

Mayın 8-də Marneuli rayonundakı Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Azərbaycanın əzəli torpağı olan Şuşa şəhərinin işğal olunmasının 27-ci ildönümünə həsr olunmuş "İtirilmiş cənnət" adlı tədbir keçirilib.

Tədbirdə mərkəzin müəllim-tələbə heyəti, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və yerli sakinlər iştirak ediblər.

GAİM-nin icraçı direktoru Aygül İsayeva bildirib ki, anım tədbirinin keçirilməsindən məqsəd vaxtilə Qarabağ xanlığının paytaxtı olmuş, əsrarəngiz təbiətinə görə "Qafqazın Cənnəti" adlandırılan və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Şuşanın tarixi, işğal nəticəsində dağıdılmış mədəni irsi, şəhərin erməniləşdirilməsi barədə faktları bir daha ictimaiyyətin diqqətinə çatdırmaqdır.

O, qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlı gənclərin tarixi keçmişimizi bilməyi çox önəmlidir: "İnteqrasiya Mərkəzində Gürcüstan və dünya tarixi ilə yanaşı, Azərbaycan tarixi də tədris olunur. Bu, azərbaycanlı gənclərin tariximizi öyrənməsinə kömək edir".

Səfir Dursun Həsənov Şuşa şəhərinin işğalı ilə bağlı tarixi faktları, eləcə də Azərbaycan Xarici İşlər Nazirliyinin Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı yaydığı bəyanatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

GAİM idarə heyətinin üzvü Fatma Əliyeva, mərkəzin müəllimləri Nərgiz Nəbiyeva və Musa Ömərov çıxış edərək, Azərbaycanın əzəli torpaqlarının azad olunacağına inandıqlarını bildiriblər.

Tədbirdə Şuşaya həsr olunmuş sənədli film və şəhərin indiki vəziyyətilə bağlı video-çarx nümayiş etdirilib, mərkəzin şagirdləri Şuşaya həsr olunmuş şeirlər söyləyiblər.