Ukraynada milli mətbəximiz nümayiş olunub

Ukraynanın İvano-Frankovsk şəhərində “Karpatski Prostor” adlı IV Beynəlxalq festivalı keçirilib.

Festivalda iştirak edən ölkələr öz mədəniyyətini, incəsənətini, milli geyimlərini və mətbəxini nümayiş etdiriblər. Tədbirə 20-dən çox ölkənin Ukraynadakı səfirləri və nümayəndələri, İvano-Frankovsk şəhər administrasiyasının rəhbərliyi, yerli media təmsilçiləri və sakinlər qatılıblar.

Azərbaycanın təqdimatı zamanı Heydər Əliyev Fondunun ölkəmiz haqqında hazırladığı videoçarx təqdim olunub, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə banner, Qarabağ və İrəvan xanlıqları tarixinə, Azərbaycan xörəklərinə dair kitablar, milli geyimlər, zəngin milli mətbəx nümunələrimiz olan dolma, plov, qutab, paxlava, şərab və digər məhsullar nümayiş etdirilib, Azərbaycan xalq mahnısı “Sarı gəlin”, Müslüm Maqomayevin “Azərbaycan” mahnıları səsləndirilib. Təqdimat Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayət üzrə gənclər təşkilatının dəstəyilə hazırlanıb.

Bizim ölkənin təqdimatında çıxışı zamanı Gürcüstanın Ukraynadakı səfiri Gela Dumbadze bildirib ki, çox zəngin milli mətbəxə malik olan Azərbaycan plovu, dolması ilə tanınır. Səfir qeyd edib ki, Azərbaycan təamları daha çox Şərq mətbəxinə yaxındır.

Tədbirdə çıxış edən diaspor fəalı Xəyyam Həqiqətoğlu, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayət üzrə gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmov bildiriblər ki, təqdimatın məqsədi Azərbaycan mədəniyyətini, tarixini, mətbəxini təbliğ etməkdir. Çünki Azərbaycan mədəniyyəti, mətbəxi dünyada məşhurdur. Xüsusilə Azərbaycan plovu və dolması ölkəmizin incisidir.

İvano-Frankovsk şəhərinin qonaqları və sakinləri ölkəmizin milli mətbəxini yüksək qiymətləndiriblər.