Çinli alimlərlə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Tədqiqat İnstitutunun professorları Gao Jixiang, Chen Yu, Zhang Ning və Huang Yongguangu ilə görüş keçirilib. Qonaqları qəbul edən Komitə sədri Fuad Muradov siyasi, iqtisadi və elm sahəsindəki Azərbaycan-Çin münasibətlərindən danışaraq, Çindəki Azərbaycan diasporu barədə məlumat vermişdir. Görüş zamanı, Dövlət Komitəsinin Çin Univesitetləri və ziyalıları ilə əməkdaşlıq istiqamətləri, eləcə də dövlətlərarası əlaqələrə töhfə verməyin digər perspektivləri müzakirə edilmişdir.
Ölkəmizə zəfər zamanı başlıca məqsədin İpək Yolu üzərində yerləşən Azərbaycan Respublikasının “Bir kəmər Bir Yol” layihəsində potensial imkanlarını araşdırmaq və rolunu dəyərləndirmək olduğunu qeyd edən qonaqlar bu barədə, həm də Çinin müvafiq dövlət qurumlarına hesabat təqdim edəcəklərini bildirmişlər.
Görüş zamanı, Azərbaycan həqiqətlərinin Çində təbliğinə dəstək, Azərbaycan tarixi və ədəbiyyatına dair kitabların müvafiq Çin Universitetləri tərəfindən nəşr edilməsində Komitə ilə əməkdaşlıq təklifləri də geniş müzakirə edilmiş, ölkələrarası münasibətlərin inkişafı baxımından faydalı ola biləcək, bir sıra layihələrdə əməkdaşlıq istiqamətləri razılaşdırılmışdır.