Stokholmdakı festivalda azərbaycanlı uşaqlar Qarabağdan danışıblar

Aprelin 21-də İsveçin paytaxtı Stokholm şəhərində uşaq festivalı keçirilib.
SAF İsveç – Azərbaycan birliyinin rəqs qrupu Stokholmun Kral bağında qurulmuş səhnəyə “Ey Azərbaycanım” mahnısı ilə çıxıb. SAF dərnəyinin üzvləri Fidan, Emil, Nəzrin, Jahangir və Ucanur “Ey Azərbaycanım” rəqsindən sonra “Nəlbəki” və “Naz eləmə” kimi milli rəqsləri təqdim ediblər. Minlərlə tamaşaçı səhnəyə Azərbaycan bayraqları ilə çıxan bu uşaqlarıın ifalarını alqışlarla qarşılayıb. İsveçdə yaşayan azərbaycanlı idmançı gənclər isə səhnəyə əllərində Azərbaycan, İsveç və Türkiyə bayraqları ilə çıxıblar.
SAF dərnəyinin təmsilçiləri Azərbaycan və ingilis dillərində uşaq haqlarından da bəhs ediblər. Onlar Qarabağdakı evlərindən qovulan minlərlə uşağın taleyindən danışaraq, onların hələ də doğma yurd-yuvalarına geri qayida bilmədiklərinə, öz torpaqlarına həsrət qaldıqlarına diqqəti cəlb ediblər.