Estoniyada “Azərbaycan Günü” keçirilib

Aprelin 17-də Estoniyada Müxtəliflik Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib.
Estoniyanın Mədəniyyət Nazirliyi və İnteqrasiya Fondunun dəstəyi, "Ocaq" radio verilişinin aparıcısı, "Orxan" bazar günü məktəbinin rəhbəri Sənəm Əliyevanın təşkilatçılığı ilə Sosial Müdafiə Nazirliyində "Azərbaycan Günü" adlı təqdimat mərasimi baş tutub. Tədbirdə "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev və təşkilatın üzvü Zəhra Qəhrəmanlı da iştirak etmişlər.
Sənəm Əliyeva tədbir iştirakçılarına Azərbaycan tarixi və mədəniyyəti haqqında ətraflı məlumat verib, xalqımızın ən böyük bayramlarından hesab olunan “Novruz” bayramından, onun adət və ənənələrindən bəhs edib.
Tədbirdən sonra Estoniyanın “Kanal 2” telekanalında qonaq qismində iştirak edən S.Əliyeva Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi, xalqımızın adət və ənənələrindən söhbət açmış və sualları cavablandırıb. Veriliş ərzində Novruz bayramının rəmzləri və şirniyyatları studiyada nümayiş etdirilib.