Diaspor rəhbərləri Kiyevdəki uşaq evini ziyarət ediblər

Ukraynaya səfəri çərçivəsində DİDK sədri Fuad Muradov və diaspor təşkilatlarının rəhbərləri Kiyevdəki “Beryozka” uşaq evini ziyarət edərək, körpələrə hədiyyələr veriblər. Ziyarətə və hədiyyələrə görə təşəkkür edən baş həkim Aleksey Moqilnı müəssisə haqqında məlumat verib. Bildirib ki, 95 uşağın olduğu müəssisəyə Azərbaycan diaspor təşkilatları mütəmadi yardım edir. Artıq 5 ildir Kiyev Azərbaycanlıları Konqresi uşaq evinin maddi-texniki və ərzaq təminatına yardım göstərir, bayramlarda uşaqları ziyarət edərək, onlara hədiyyələr gətirir.
Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diaspor təşkilatlarının xeyriyyəçilik fəaliyyətini yüksək qiymətləndirərək, təkcə Kiyev Azərbaycanlıları Konqresinin deyil, digər diaspor təşkilatlarının da belə təşəbbüslərlə çıxış edəcəyinə ümid etdiyini vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin və diaspor rəhbərlərindən ibarət nümayəndə heyəti Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun nəzdindəki 1 saylı “Qafqaz rəqsləri məktəbi” ilə də tanış olub. Məktəbin təsisçiləri Nicat Mirzəyev və Şəmsi Məhərrəmov məktəb barədə məlumat verərək deyiblər ki, şagirdlər müxtəlif xalqların nümayəndələrini təmsil edir. 10 ildən çoxdur fəaliyyət göstərən məktəbin rəqs ansamblı festivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil edir.
Rəqs məktəbinin fəaliyyərini təqdirəlayiq olduğunuu deyən DİDK sədri onu daha da inkişaf etdirmək üçün Komitənin hər cür dəstək göstərəcəyini bildirib. Eyni zamanda qeyd edib ki, məktəbin rəqs qrupunun Azərbaycana səfərlərini təşkil edərək ölkəmizlə tanış etmək və onları tanıtdırmaq lazımdır.
Daha sonra sonra rəqs məktəbinin şagirdləri qonaqlar üçün Azərbaycan rəqslərini ifa ediblər. Sonda diaspor rəhbərləri məktəbin şagirdləri ilə xatirə şəkli çəkdiriblər.