Dövlət Komitəsinin sədri Kiyevdəki Səməd Vurğun adına kitabxanada olub

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov və Ukraynada fəaliyyət göstərən diaspor rəhbələri Kiyevdə Səməd Vurğun adına Kitabxanada olub. Komitə sədri əvvəlcə kitabxananın qarşındakı Səməd Vurğunun büstü önünə gül dəstəsi qoyub. Sonra kitabxananın müdiri Qalina Çebotareva məlumat verib ki, burada Ukrayna dilində ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyevlə bağlı nəşrlər, Azərbaycan klassiklərinin, çağdaş ədəbiyyatımızın nümayəndələrinin kitabları saxlanılır. Azərbaycanla bağlı kitablara oxucu marağının olduğunu deyən Q.Çebotareva bildirib ki, gələcəkdə də kitabxanamızın bu cür nəşrlərlə zənginləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.
Kitabxanada əlverişli şəraitin yaradıldığını qeyd edən sədr bildirib ki, Azərbaycan ədəbiyyatının Ukraynada təbliğində bu kitabxananın əvəzsiz rolu var. Hər iki ölkənin ədəbi əlaqələrindən danışan sədr vurğulayıb ki, Azərbaycan və Ukrayna ədiblərinin kitablarının qarşılıqlı şəkildə tərcümə edilərək çap olunması vacibdir. Sonda kitabxanaya komitə adından hədiyyələr təqdim edilib.
Nümayəndə heyəti Kiyevdəki “Bakinets” idman klubunun fəaliyyəti ilə də tanış olub. Kiyev Azərbaycanlıları Konqresinin nəzdindəki idman klubu haqqında təşkilatın sədri, güləş üzrə 14 qat Azərbaycan çempionu Oleq Krapivin məlumat verib. Qonaqları burada idmançılar üçün yaradılan şəraitlə tanış edib, klubun yetirmələrinin mötəbər idman yarışlarında ölkəni təmsil etdiyini deyib. O, qeyd edib ki, ilk dəfədir soydaşlarımız Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında Ukraynanı təmsil edirlər. Kiyevdə yaşayan Pərviz və Təbriz Nəsibov qardaşları yunan-roma güləşi üzrə müvafiq olaraq 63 və 67 kiloqram çəki dərəcələrində Avropa çempionatında mübarizə aparırlar.
DİDK sədri Ukraynadakı azərbaycanlıların ölkə idmanına töhfə verməsini yüksək qiymətləndirib. O, bildirib ki, xarici ölkələrdə yaşayan azərbaycanlılar beynəlxalq idman yarışlarında uğurlar qazanırlar: "Bütün bunlar bizi sevindirir".
F.Muradov qeyd edib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, bir çox mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edir. Xarici ölkələrdə yaşayan soydaşlarımızın da idmanda daha çox uğurlar qazanması üçün Dövlət Komitəsi lazımi dəstəyi göstərməyə hazırdır.
F.Muradov Ukraynada bu cür idman məktəblərinin sayının artırılmasının vacibliyini vurğulayıb.